Bugün Şuşada Üzeyir Hacıbəylinin doğum günü keçirilir

Bugün, 18 sentyabr tarixində 30 ildən sonra ilk dəfə Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Sentyabrın 24-dək keçiriləcək Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılışı Şuşada baş tutacaq. Üzeyir Hacıbəylinin və Bülbülün ev muzeyləri, Xan qızı bulağı, Qala divarı və Cıdır düzü ziyarət olunacaq.

Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F. Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və solistlərin çıxışı ilə Şuşada açıq havada konsert təşkil olunacaq. Tədbirdə, həmçinin ABŞ və Polşadan olan musiqiçilər iştirak edəcək.

Festival çərçivəsində Bakı, Gəncə, Ağdamda da bir neçə tədbirin təşkili planlaşdırılıb.

Pandemiya ilə əlaqədar festivalda yalnız xüsusi dəvətnamələr və COVID pasportu ilə iştirak etmək mümkün olacaq.

Ü. Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı 2009-cu ildən bəstəkarın doğum günündə keçirilir. Əlavə olaraq, 18 sentyabr Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.

Üzeyir Hacıbəyli bəstəkar, musiqişünas alim, publisist, dramaturq, ictimai və siyasi xadim olmuşdur. O, Azərbaycanda və Şərqdə opera sənətinin əsasını qoyan “Leyli və Məcnun”un müəllifidir. Üzeyir Hacıbəyliyə məxsus “Koroğlu” əsəri dünya operaları arasında xüsusi yer alır.

Həmçinin bəstəkarın “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” kimi musiqili komediyaları Şərqdə operetta janrının formalaşmasında rol oynayıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bugün Şuşada Üzeyir Hacıbəylinin doğum günü keçirilir”

Tövsiyə xəbərlər