"Paris-2024" Yay Olimpiya Oyunları zamanı qazandıqları və aşınmaya məruz qalan medalları yeniləri ilə əvəz olunan taekvondoçu Qaşım Maqomedov və yunan-Roma güləşçisi Həsrət Cəfərov Milli Olimpiya Komitəsində keçirilən təqdimetmə mərasimindən sonra jurnalistlərə açıqlama verib.
İdman.Biz xəbər verir ki, hər iki idmançı Milli Olimpiya Komitəsinə göstərilən diqqət və dəstək üçün təşəkkürlərini bildirib.
Qaşım Maqomedov çıxışında əsas məqsədinin Olimpiya çempionluğu olduğunu vurğulayıb:
"Yay Olimpiya Oyunlarının gümüş medalı maksimum nəticə deyil, maksimum qızıldır. Final döyüşündə iştirak etmək mənə göstərdi ki, qələbənin bir addımlığında olmuşam, deməli, qızıl qazanmağa qadirəm. Əsas məqsədim Olimpiya çempionu olmaqdır. Bununla yanaşı, qarşıda Avropa və dünya çempionatları da var. İdmanda qazanıla biləcək bütün titullara sahib çıxmaq istəyirəm".
Həsrət Cəfərov isə medalın qısa müddətdə korlandığını qeyd edib və məsələnin operativ həllinə görə təşəkkürünü bildirib:
"Olimpiada idmanın zirvəsi olan yarışdır və hər bir idmançının arzusu burada medal qazanmaqdır. Medalımız qısa müddət ərzində korlandıqdan sonra Milli Olimpiya Komitəsinə müraciət etdik. Çox sağ olsunlar, məsələni ciddi şəkildə həll etdilər və medalımız yenisi ilə əvəz olundu. Komitə rəhbərliyinə təşəkkür edirəm".