Cəlilabadda qanunsuz at əti kəsimi ilə məşğul olan şəxslər saxlanılıblar. Bu barədə 11 sentyabr tarixində APA məlumat yayıb.
AQTA-nın Lənkəran – Astara regional bölməsinə Cəlilabad rayon Təzəkənd kəndində heyvandarlıq təsərrüfatında qanunsuz olaraq at ətinin istehsalı ilə bağlı məlumat daxil olub. Heyvandarlıq təsərrüfatında, təxmini çəkisi 600 kiloqram olan 3 baş atın antisanitar şəraitdə kəsilərək paketlərə yığılmaq üçün hazırlandığı aşkar edilib.
Özlərini ferma nəzarətçisi qismində təqdim edən iki qardaş olan fiziki şəxslər Toybəyi Fikrət oğlu Gözəlov, Qüdrət Fikrət oğlu Gözəlov və at ətini kəsərək satacağını bildirən Samir Ziyafət oğlu Əliyev saxlanılıblar.
Saxlanılan Samir Əliyev bildirib ki, kənd ərazisində Toybəyinin qardaşı Qüdrətlə rastlaşıb və kəsməyə 3 baş atın olduğunu deyib. Qarşılıqlı razılaşmadan sonra Samir atları fermaya gətirib və kəsiblər. Sonra S.Əliyev at ətini elə at əti adı ilə Bakı şəhərinə aparıb, əvvəlcədən sövdələşdiyi tanımadığı şəxsə satacaqmış.