Ağdamda valideynləri tərəfindən zorakılığa məruz qalan uşaq süni tənəffüs dəstəyi alır, vəziyyəti ağırdır.
İnsanoid.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, 2023-cü il təvəllüdlü azyaşlının (kişi cinsli) müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir:
"Müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmiş yaraları diaqnozları təyin edilən pasiyentin üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda süni tənəffüs dəstəyi alan azyaşlının vəziyyəti ağırdır.
Ağdam Rayon Mərkəzi Xəstəxanasında profilaktik olaraq həkimlərin müşahidəsi altında saxlanılan 2024-cü il təvəllüdlü azyaşlı aidiyyəti üzrə təhvil verilib".
Xatırladaq ki, 2023-cü il təvəllüdlü azyaşlı avqustun 27-si saat 16:20-da komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Zəruri tibbi xidmət göstərilən azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib.