Son zamanlar bəzi siqaret məhsullarının aksiz markası olmadan satılması istehlakçılarda suallar doğurur.
Satıcılar bu məhsulların istehsalçılar tərəfindən aksiz markasız təqdim edildiyini bildirirlər. Report xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu vəziyyətə aydınlıq gətirərək, tütün məhsullarında artıq məcburi nişanlama mexanizminin tətbiq edildiyini və aksiz markalarına ehtiyac olmadığını qeyd edib.
2023-cü il fevralın 14-də Nazirlər Kabineti tərəfindən təsdiqlənən qaydalara əsasən, tütün məhsullarına və digər müvafiq məhsullara yalnız məcburi nişanlama tətbiq edilir. Məcburi nişanlama məhsulların qutularına “DataMatrix” şəklində yerləşdirilir ki, bu da məhsulun vergi nəzarətinə uyğunluğunu təmin edir.