Ermənilərin Azərbaycan ərazisində Qarabağ müharibəsinə başlayarkən törətdiyi ilk faciə Bağanıs Ayrım kəndində qeydə alınıb. Kənddə 5 üzvdən ibarət bir ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırılıb.
Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. İşğal zamanı Bağanıs Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı qətliam törədilib. 10 nəfər dünyasını dəyişib, 15 nəfərdən çox insan yaralanıb. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Bağanıs Ayrım faciəsi barədə Elçin İsmayıl "Bu, əsl faciə idi" adlı kitab yazaraq 1999-cu ildə "Azərbaycan nəşriyyatı"nda çap etdirmişdir.
19 aprel 2024-cü ildə Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.
Bağanıs Ayrım 24 may 2024-cü ildə Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.