Bakıda daşınmaz əmlakın qiyməti ərazinin yerləşməsindən, nəqliyyatın əlçatanlığından və infrastrukturun inkişaf səviyyəsindən asılıdır. Şəhərin mərkəzində boş torpaq sahələrinin məhdud olması və tələbatın yüksəkliyi mənzil qiymətlərinin bahalı qalmasına səbəb olur.
Nəsimi və Səbail rayonlarında torpağın bir sotunun qiyməti 1–2 milyon manat arasında dəyişir. Bu ərazilərdə mənzillərin bir kvadratmetrinin orta qiyməti isə 3 000–3 500 manatdır.
Yasamal, Nərimanov və Xətai rayonlarında torpağın bir sotu 150–400 min manata təklif olunur. Mənzillərin bir kvadratmetrinin qiyməti isə 2 500–3 000 manat civarındadır. Ağ Şəhərdə torpağın bir sotu 500–600 min manata çata, yeni tikililərdə mənzillərin bir kvadratmetrinin qiyməti isə 4 000 manat ola bilər.
Paytaxtın mərkəzindən uzaqlaşdıqca daşınmaz əmlakın qiyməti əhəmiyyətli dərəcədə aşağı düşür. Mərkəzdən məsafə artdıqca və infrastrukturun inkişaf səviyyəsi azaldıqca ev və torpaq sahələri ucuzlaşır.
Bakının hansı qəsəbələrində daha ucuz ev və torpaq tapmaq mümkündür?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, nisbətən ucuz fərdi evlər Zirə və Ramana qəsəbələrində təklif olunur. Ən münasib ərazilərdə evin bir kvadratmetrinin qiyməti təxminən 450–500 manatdır. Torpaq sahələrinin qiyməti isə 3 000 manatdan başlayır.
Vüqar Orucun sözlərinə görə, Mərdəkan, Binə və Ramana qəsəbələrində, həmçinin infrastrukturun zəif inkişaf etdiyi Qobu ərazilərində münasib qiymətə torpaq sahələri tapmaq mümkündür. Xüsusilə Aşağı Güzdəkdə qiymətlər daha aşağıdır. Sadalanan ərazilərdə torpaq sahələrinin qiyməti təxminən 3 000–7 000 manat arasında dəyişir.
Lakin ucuz qiymət hər zaman sərfəli alış demək deyil. Daşınmaz əmlak alarkən onun qiyməti ilə yanaşı, hüquqi statusuna da diqqət yetirmək vacibdir.
Ucuz ev və ya torpaq alarkən nələrə diqqət edilməlidir?
Ekspertin sözlərinə görə, torpaq sahəsi almamışdan əvvəl onun təyinatını və həmin ərazidə tikinti aparılmasının mümkün olub-olmadığını yoxlamaq lazımdır.
Vüqar Oruc bildirib ki, ucuz elanlarla qarşılaşan vətəndaşlar torpağın təyinatını və tikinti üçün yararlı olub-olmadığını mütləq araşdırmalıdırlar. Bəzi hallarda satıcılar torpağın təyinatını gizlədərək kənd təsərrüfatı təyinatlı sahələri yaşayış evi tikmək üçün nəzərdə tutulmuş torpaq kimi təqdim edirlər.
Ekspert bu səbəbdən alıcıları ehtiyatlı olmağa və sənədləri diqqətlə yoxlamağa çağırıb.
Bakıda ev və torpaq qiymətləri ucuzlaşacaqmı?
Vüqar Oruc yaxın gələcəkdə daşınmaz əmlak qiymətlərində ciddi ucuzlaşmanın gözlənilmədiyini bildirib.
Onun sözlərinə görə, tikinti materiallarının bahalaşması, işçi qüvvəsinə çəkilən xərclərin artması və tikintinin maya dəyərinin yüksəlməsi mənzil qiymətlərinə təsir göstərir.
Bundan əlavə, paytaxtın mərkəzi ərazilərində iqtisadi fəallığın və iş yerlərinin cəmləşməsi mənzilə olan tələbatı yüksək saxlayır. Şəhərin abadlaşdırılması, qəzalı binaların sökülməsi və "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan" çərçivəsində həyata keçirilən infrastruktur layihələri də daşınmaz əmlakın investisiya cəlbediciliyini artırır.
Mənbə: Apa tv