Bu gün ölkəmizdə Novruz bayramının sonuncu çərşənbəsi – Torpaq çərşənbəsi qeyd olunur. Ona, həmçinin “İlaxır çərşənbə” və “Yer çərşənbəsi” də deyirlər.
Torpaq həmişə bolluğun, bərəkətin və firavanlığın rəmzi olub. Bu çərşənbə təbiətin yenilənməsinin bayramıdır.
Adətlərə görə, torpaq çərşənbəsində yaşından və cinsindən asılı olmayaraq, ya bir tonqalın üstündən yeddi dəfə, ya da yeddi tonqalın hərəsinin üstündən bir dəfə tullanmaq lazımdır. Tullanarkən belə sözlər deyilir: «Ağırlığım odda yansın», «Sarılığım sənə, qırmızılığın mənə». Tonqal su ilə söndürülmür, özü sönəndən sonra oğlan və qızlar həmin tonqalın külünü yığıb evdən kənar bir yerə atırlar. Bununla tonqalın üstündən tullanan ailə üzvlərinin dərd-sərinin atılan küllə uzaqlaşdırıldığına inanılır.