Çernobıl AES-də baş verən qəza atom energetika tarixində ən dəhşətli qəza kimi yadda qalıb.
İnsanoid xəbər verir ki, 1970-ci ildə Ukraynanın Pripyat şəhəri yaxınlığında tikintisinə başlanan Çernobıl Atom Elektrik Stansiyasının ilk enerji bloku 1977-ci ildə istifadəyə verilib. 3 enerji bloku da işə salındıqdan sonra illik istehsal edilən enerji miqdarı 29 milyard kilovat-saat təşkil edirdi.
AES-də qeydə alınan ilk qəza 1982-ci ilin sentyabr ayında baş verdi. Xəsarət alan olmadı və 1-ci enerji blokundakı qəzanın fəsadları 3 aya aradan qaldırıldı.
26 aprel 1986-cı il saat 01:23 radələrində turbogeneratorun sınaq işləri zamanı partlayış baş verir. Səhər saatlarında hadisə yerində 240 yanğınsöndürən çalışırdı.

Şüalanmanın qarşısını almaq məqsədilə stansiyaya dərhal ordu qüvvələri və helikopterlər cəlb olunur. Eyni zamanda SSRİ-nin hər yerindən on minlərlə “könüllü“ də bu əməliyyatlara qoşulur.
Qəzanın nəticələrinin aradan qaldırılması işləri 9 gün davam edir və partlayış baş verən 4-cü blokun üzərinə 5 min tondan çox qum, çınqıl tökülür. Qəzalı blok dəmir beton hissələri ilə örtülür.

Qəza itkisiz ötüşmür. Operator vəzifəsində çalışan Valeriy Xodemçuk partlayış nəticəsində həlak olur. Onun cansız bədənini dağıntılar altında tapmaq mümkün olmur. Növbəti gün mühəndis vəzifəsini icra edən Vladimir Şaşenok yanıq xəsarətləri və onurğasından aldığı zədə nəticəsində tibb məntəqəsində dünyasını dəyişir.

Pripyat şəhərindən 47 500 nəfər təxliyə edilir.
Həmin dövrdə qəzanın ciddiyyətini anlamayan sovet rəhbərliyi 1 May tədbirlərini ləğv etmir. Yalnız mayın 14-də Mixail Qorbaçov televiziyada çıxış edərək partlayışın əsl miqyasından danışır.
Qəzadan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət edib və bu ərazilərin ekoloji vəziyyətinə ciddi təsir göstərib. AES-nin partlamış bloklarının təhlükəsizliyini təmin etmək üçün keçirilən əməliyyatlarda 15 mindən çox azərbaycanlı da iştirak edib ki, onların da böyük əksəriyyəti 1-ci qrup əlildir.