“ABŞ tərəfinin Ermənistanın rəvayətlərinə uyaraq erməni tərəfinin iddialarını təkrarlaması qəbuledilməzdir”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov 16 sentyabr tarixində ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşündə deyib.
Bildirilib ki, Ermənistan tərəfinin davamlı hərbi-siyasi təxribatlarına, bütün dünyada Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparmasına, ərazilərimizdə separatçılığı dəstəkləməsinə baxmayaraq, ölkəmizin konstruktiv mövqe sərgiləməsinin fonunda bölgədəki vəziyyətlə yaxından tanış olan bir sıra beynəlxalq tərəfdaşların, o cümlədən ABŞ tərəfinin Ermənistanın rəvayətlərinə uyaraq erməni tərəfinin iddialarını təkrarlaması qəbuledilməzdir.
Ceyhun Bayramov bu xüsusda Ermənistanın bölgədə sülh və təhülükəsizliyə əsas təhdid olan, Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələrinin mövcudluğundan diqqəti yayındırmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə yaydığı əsassız iddiaların ötən günlərdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi v.i.e. Yuri Kimin çıxışında öz əksini tapmasının təəssüf doğurduğu bildirilib. ABŞ tərəfi ilə 1 sentyabr razılığına uyğun olaraq, yolların paralel açılmasına Ermənistan və qondarma rejim tərəfindən maneəçilik törədilməsinin Senatda ABŞ rəsmisi tərəfindən bəyan edilməməsinin vəziyyətə dair yanlış təəssürat yaratdığı vurğulanıb.