TÖVSİYƏ XƏBƏRLƏR

“Crowd-1” piramidasının üzvlərinə hökm oxunub

Sosial şəbəkələrdə maliyyə piramidası şəklində şəbəkə quraraq dələduzluq sxemi yaradıb, vətəndaşların külli miqdarda pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 30 noyabr tarixində məlumat verir.

Azərbaycanda son dövrlər, xüsusən internet istifadəçiləri arasında əsası 2018-ci ildə xarici ölkələrdən birində qoyulan “Crowd-1” dələduzluq sxeminin toruna düşən şəxslərin üstünlük təşkil etdiyi müəyyən edilib.

Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ölkə ərazisində yayılmış “Crowd-1” dələduzluq sxeminə rəhbərlik edən şəxslər müəyyən edilib.

Şəbəkəyə rəhbərlik edən Habil Bədəlov və üzvləri Amin Hüseynov, Əlövsət Mazandarov, Səbahir Fərzəliyev, Yasin Əmirli və Göyçək Dünyamalıyeva qısa zamandan saxlanılaraq Baş İdarəyə gətirilib və onlar ilkin izahatlarında “Crowd-1”in piramida dələduzluq sxemi olduğunu etiraf ediblər.

Araşdırma zamanı məlum olub ki, onlar dələduzluq piramidasına bu müddət ərzində xeyli sayda vətəndaşı cəlb edə biliblər.

Onlara məxsus Bakı və Gəncə şəhərlərində yerləşən ofislərə baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən elektron sübutlar aşkar olunaraq götürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Habil Bədəlov 1 il 6 ay, Yasin Əmirli 1 il 6 ay, Səbahir Fərzəliyev 1 il 6 ay, Amin Hüseynov 2 il və Əlövsət Mazandarov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Müəyyən edilib ki, ödənilən pullardan vəd olunan gəlirlər həmin şəbəkə daxilində istifadəçilərin hesablarında göstərilsə də, o pulları nağdlaşdırmaq və ya bank kartlarına köçürmək mümkün deyil. “Crowd-1” zərərçəkənlərə 99 avrodan 2499 avroya qədər ödəniş paketləri təklif edib.

Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin başçısı Habil Bədəlov və digər 5 nəfər istintaqa cəlb edilib. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx