DİN: qanunsuz ovla və narkotik dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

DİN və DSX əməkdaşları Neftçalada Kür çayında yerləşən adalardan birində çəkisi 7 kiloqram olan 41 ədəd yabanı halda bitən çətənə kolu aşkar edib. Bu barədə DİN sentyabrın 29-da bildirib.

Ağstafa rayonunda isə elektrik cərəyanını artıran cihazlardan istifadə etməklə qanunsuz balıq ovlamaqla məşğul olan rayon sakini DİN əməkdaşları tərəfindən saxlanılıb. Ona məxsus elektrik avadanlıqlar və qanunsuz ovladığı müxtəlif növ balıqlar aşkar olunaraq götürülüb.

Digər əməliyyat nəticəsində Xəzər dənizi vasitəsi ilə Azərbaycana narkotik maddələr keçirməyə cəhd edən şəxslər saxlanılıb.

Neftçala, Lənkəran, Xaçmaz rayonlarında, həmçinin Qızılağac Dövlət Qoruğu, Abşeron, Ağgöl, Şirvan Milli Parklarında, Sarısu, “Şahdağ” Milli Qoruğu ərazisindəki su hövzələrində, qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan, adı “Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərə qarşı da mübarizə tədbirləri mütəmadi olaraq davam etdirilir.

DİN vətəndaşlara müraciət edərək bildirib ki, Xəzər dənizində və su hövzələrində hər hansı bir qeyri-qanuni hallarla rastlaşdıqda Su Nəqliyyatında Polis İdarəsinin (012) 433 38 12 və (012) 433 38 02 nömrələrinə zəng edərək məlumat versinlər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “DİN: qanunsuz ovla və narkotik dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb”

Tövsiyə xəbərlər