Paytaxtın Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, 104 ünvanında yerləşən “Dönər Market”də baş vermiş zəhərlənmə hadisəsinin səbəbləri açıqlanıb. Bu barədə dekabrın 30-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat paylaşıb.
Məlumata əsasən, məhsullar emal prosesində ikincili çirklənməyə məruz qalıb. Dönər evindən götürülən nümunələrdə bağırsaq çöpləri, proteus və klostridilər aşkarlanıb.
Qida məhsullarında və avadanlıqlarda bağırsaq mənşəli mikroflora olan bağırsaq çöpləri və proteus ilə çirklənmə işçilərin gigiyenik normalara və şəxsi gigiyena qaydalarına əməl olunmaması nəticəsində baş verib. Sözügedən mikrofloranın qida ilə orqanizmə daxil olması ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, halsızlıq, ishal və digər fəsadlara gətirə bilər.
Bununla yanaşı, “Dönər market”in qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi, işçilərin dövri tibbi müayinədən keçməməsi və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılmaması müəyyən edilib.
Daha öncə, dekabrın 13-də Bakıda “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Dönər Market”dən toyuq dönəri almış 8 nəfər zəhərlənib. Faktla bağlı cinayət işi başlanılıb.