TÖVSİYƏ XƏBƏRLƏR

Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul elan edilib

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına qəbul elan edilib. Bu barədə 6 yanvar tarixində qurumun səhifəsində məlumat verilib.

Məlumatda bildirilir ki, qəbul “Sərhəd təhlükəsizliyi və idarəetmə” və “Dəniz naviqasiyası mühəndisliyi” ali təhsil ixtisasları üzrə aparılacaq. Nami­zədlər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən 1-ci ixtisas qrupu üçün nəzərdə tutulan ümumtəhsil fənlərindən test vasitəsi ilə qəbul imtahanları keçiriləcək.

Müraciət etmək istəyən kişilər üçün bir necə sənəd tələb olunur:

  • ərizə;
  • anket;
  • tərcümeyi-hal;
  • özünün və yaxın qohumlarının şəxsiyyət vəsiqələrinin surətləri;
  • attestatın notariat orqanları tərəfindən təs­diq edilmiş surəti və ya attestat alınanadək namizədin orta məktəbin 11-ci sinfində oxuması haqqında arayış;
  • orta-ixtisas təhsili haqqında sənədin notariat orqanları tərəfindən təs­diq edilmiş surəti;
  • yaşayış yerindən arayış;
  • doğum haqqında şəhadətnamənin surəti;
  • valideynlərin nikah haqqında şəhadətnaməsinin surəti;
  • 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, qırmızı fonda, 3×4 sm ölçüdə).

Həmçinin bildirilib ki, Akademiyada təhsil almaq istəyən və hərbi xidmətdə olmayanların yaşı 17-dən aşağı, 20-dən yuxarı olmamalıdır. Hərbi xidmətdə olanların yaşı isə 23-dən yuxarı olmamalıdır.

Bundan əlavə bildirilib ki, müraciət edən şəxslər tam orta və ya orta-ixtisas təhsilinə malik, fiziki cəhətdən sağlam olmalıdırlar.

Sənədlər Dövlət Sərhəd Xidmətinin Akademiyasına və ya DSX-nın yaxın­lıqda yerləşən hərbi hissələrinin kadrlar bölmələ­rinə təqdim olunmalıdır.