2023–2024-cü tədris ilindən əlavə olaraq 116 yeni məktəbdə peşə təmayüllü siniflər fəaliyyətə başlayıb. Bu barədə 21 sentyabr tarixində Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Hazırda bu siniflərin sayı 232-yə çatmaqla 196 məktəbdə 3 500-dən çox şagirdi əhatə edir. 2026-cı ilədək peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin sayının 15%-ə çatdırılması nəzərdə tutulub.
Peşə təmayüllü siniflərdə təhsil almaq üçün 9-cu sinfi bitirdikdən sonra ərizə ilə həmin siniflər mövcud olan məktəblərə müraciət etmək lazımdır. Peşə təmayüllü siniflərə keçid, həmçinin burada təhsil ödənişsizdir.
Qeyd olunub ki, 10-11-ci siniflər üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin təşkilində məqsəd şagirdlərin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaq, onlara sahibkarlıq bacarıqları aşılamaq, həmçinin əmək bazarının tələblərinə uyğun kadrlar yetişdirməkdir.