“Palmali Holding” Birinci Qarabağ savaşında şəhid olmuş Əlisuvar Məmmədovun adını daşıyan gəmini suya endirib. Bu barədə 29 dekabr tarixində Qafqazinfo məlumat verib.
Şəhidin yaxınları gəmini görmək və yola salmaq üçün Türkiyəyə dəvət olunublar.
“Palmali” şirkətlər qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov hər bir azərbaycanlının şəhidlərimizin adını yaşatmağa borclu olduğunu vurğulayıb: “Onlar biz başımız uca gəzək deyə torpaqlarımız uğrunda şəhid oldu. Biz də öz növbəmizdə qəhrəmanlarımızı tanıdıb, onların adlarını hər zaman uca tutmalıyıq”.
Baş leytenant Əlisuvar Əliheydər oğlu Məmmədov 10 mart 1957-ci ildə Şamaxı Rayonunun Dağ Göylər kəndində anadan olub. Ağdərə-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib və düşmən mövqelərini bir neçə dəfə məhv edərək, onları geri cekilməyə məcbur edib. 1992-ci il 9 oktyabr tarixində Laçın rayonunun Pircahan kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olub.
2022-ci ildə “Palmali” donanması dəniz sularına şəhidlərin adlarını daşıyan 9 yeni gəmi yola salıb.