Daşaltı şəhidi Araz Rüstəmovun meyitinin qalıqları Xızı rayonunun Giləzi qəsəbəsində dəfn olunub. Bu barədə 24 avqust tarixində Report məlumat verib.
A.Rüstəmovun meyitinin qalıqları Giləziyə – doğulub, boya-başa çatdığı evinə aparılıb. Burada şəhidlə vida mərasimi keçirilib.
Mərasimdən sonra A.Rüstəmovun cənazəsi Giləzi qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfndə şəhidin ailə üzvləri, yaxınları, rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Rüstəmov Araz Bağı oğlu 1968-ci il aprelin 7-də Xızının Giləzi qəsəbəsində anadan olub.
O, 1992-ci il yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb. Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.
Ekspertiza zamanı meyit qalıqlarından birinin A.Rüstəmova məxsus olduğu təsdiqlənib.