Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51 881 plan yeri ayrılıb. Onlardan 24 minə yaxın yer dövlət sifarişlidir. Bunu avqustun 16-da Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, ümumi balı ən azı 150, imtahanın ikinci mərhələsindən balı ən azı 50 olanlar da müsabiqədə iştirak edə bilərlər. Həmin ixtisaslar üzrə 10 620 plan yeri var.
“II qrupda bütün abituriyentlərin ali məktəblərə qəbul şansı var. Çünki plan yerlərinin sayı 12 232 təşkil edib. Müsabiqə iştirakçılarının sayı isə 9 804 nəfərdir”, – deyə qurumun rəsmisi əlavə edib.
Həmçinin vurğulanıb ki, kənd təsərrüfatına aid ixtisasları seçənlər 5-6 ildən sonra əmək bazarında özlərinə yaxşı işlər tapacaqlar.
İxtisas seçiminə gəldikdə isə, M.Abbaszadə abituriyentlərə bu prosesi özlərinin həyata keçirmələrini tövsiyə edib: “Bəziləri heç bir əsası olmadan özlərini ekspert kimi təqdim edərək pul müqabilində öz xidmətlərini təklif edirlər. Onlara ixtisas seçimini həvalə etmək düzgün deyil”.
Qeyd edək ki, ixtisas seçimi avqustun 16-dan başlayıb. Proses avqustun 28-nə kimi davam edəcək.