Xocavənddə mina partlayışı nəticəsində 2 nəfər mülki şəxsin ölməsi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə 19 sentyabr tarixində Report Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən xəbər verib.
Hadisə Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonunun ərazisindən keçən 58-ci kilometrliyində baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının olduğu “Shacman Howo” markalı nəqliyyat vasitəsi sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək partlayıb.
Törədilən terror aktı nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 43 saylı idarəsinin əməkdaşları olan mülki şəxslər – 58 yaşlı Fərhad Quliyev və 52 yaşlı Samir Sadıxov həyatlarını itiriblər.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq”, “mütəşəkkil dəstə tərəfindən, ümumi təhlükəli üsulla, təkrar, terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyəti ilə iki və ya daha çox şəxsi öldürmə”, “mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə” və digər maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilir.