Azərbaycan sabit internetin sürətinə görə 118-ci, mobil internetin sürətinə görə isə 58-ci yeri tutub. Bu barədə Speedtest Global Index-in iyun ayı üçün olan reytinqində qeyd olunub.
Hesabata əsasən, sabit internetin sürəti 22 Mb/san, mobil internetin sürəti isə 33,64 Mb/san olub.
Sabit internetin sürəti üzrə reytinqdə 182 ölkənin göstəriciləri müqayisə edilib. İlk üç yeri Çili (213,73), Sinqapur və Çin tutub. Ən zəif göstərici isə Kubada (1,84 Mb/san) qeydə alınıb.
Mobil internetin sürətinə görə reytinq cədvəlində 139 ölkənin göstəriciləri əks olunub. Ən yüksək nəticələr Norveç (126,96 Mb/san), Birləşmiş Ərəb Əmirlikləri və Bolqarıstana məxsus olub. Sonuncu pillədə isə Kuba yer alıb (4,49 Mb/san).