Bu il ərzində işğaldan azad edilən ərazilərdə yeni məktəblərin açılışı gözlənilir. Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
Bu barədə 15 sentyabr tarixində Report xəbər verib.
Bu tədris ilində Füzuli şəhərində 1 saylı Mirzə Uluqbəy adına məktəbin, Laçında isə 2 saylı məktəbin açılışları olub.
E.Əmrullayev bildirib ki, hazırda Füzulidə 160-a yaxın şagird təhsil alır, amma bu tədris ili ərzində onların sayının 400-ə çatacağı gözlənilir. Eyni zamanda nazir 140 şagirdin təhsil aldığı Laçın şəhərində də artımın gözlənildiyini vurğuladı.
“O cümlədən Zabux qəsəbəsində də 100-dən artıq şagirdin bu tədris ilinin sonuna qədər təhsilə qoşulacağına inanırıq. Zəngilanın Ağalı kəndində də məktəbin fəaliyyəti günü-gündən genişlənir. Ötən il orada cəmi 70-ə qədər şagird vardısa, artıq Ağalıda 120 şagirdlə bu tədris ilinə start verilib. Eyni zamanda Talış kənd məktəbimizdə də təhsil davam edir”, – təhsil naziri qeyd edib.
E.Əmrullayev onu da əlavə edib ki, bu il ərzində işğaldan azad edilən ərazilərdə yeni məktəblərin açılışı gözlənilir.
“Bu il ərzində daha çox məktəbin açılışını gözləyirik. Şuşa şəhərində 1 saylı məktəbin açılışını və ikinci yarım ildən etibarən tədrisin davam edəcəyini gözləyirik. Onu da qeyd edim ki, işğaldan azad edilən bütün bölgələrimizdə təhsil infrastrukturunun inkişaf etdirilməsi işləri davam edir”, – nazir bildirib.