“Euronews” televiziyası Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olan Lahıc qəsəbəsi haqqında oktyabrın 11-də reportaj hazırlayıb.
Reportajda ilk növbədə Lahıcın qədim mədəniyyəti və miskərlik sənətindən bəhs edilib: “Şəhər dəri emalı və xalçaçılıqla məşhurdur. Ancaq ən böyük şöhrəti mis ustaları ona bəxş ediblər”. Qeyd edilib ki, burada hazırlanmış mis qablar kəndin simvoluna çevrilib.
“Bu emalatxananın 300 yaşı var. 1725-ci ildə açılıb və hələ də işləyir. İndi 50 yaşım var. Övladlarım burada çalışan səkkizinci nəsildir”, – deyə kənddəki misgər Kebleyi Əliyev telekanala sənətindən danışıb.
Verilişdə, həmçinin Lahıcda hazırlanan qab-qacaqların Luvr da daxil olmaqla dünyanın müxtəlif muzeylərində sərgiləndiyi vurğulanıb.
Son olaraq reportajda Lahıcın misgərlik sənətinin 2015-ci ildə YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin şah əsərləri siyahısına daxil olduğu qeyd edilib.