TÖVSİYƏ XƏBƏRLƏR

Eyni ixtisas üzrə fərqli universitetlərdə qiymətlər necədir?

Avqustun 16-dan ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə ixtisas seçimi başlayıb. Bununla əlaqədar olaraq İnsanoid komandası eyni ixtisaslar üzrə fərqli universitetlərdəki təhsil haqqı məbləğlərini müqayisə edib.

– Hüquqşünaslıq ixtisası üzrə Bakı Dövlət Universitetində birillik təhsil haqqı 4500 manat təşkil edir. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bu məbləğ 2500, Naxçıvan Dövlət Universitetində isə 2200 manatdır.

Həmin ixtisas üzrə təhsil haqqı ən yüksək olan universitet isə ADA Universitetidir. Burada tədris ingilis dilində aparılır və təhsil haqqı 6500 manat təşkil edir.

– İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil haqqının ən aşağı olduğu universitetlər Lənkəran Dövlət Universiteti (1400 manat) və Mingəçevir Dövlət Universitetidir (1500).

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində həmin ixtisas üzrə təhsil haqqı 2000, Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetində isə 2100 manat təşkil edir.

Azərbaycan Dövlət İqtisad Universitetində informasiya təhlükəsizliyi ixtisasının təhsil haqqı 2200, Bakı Mühəndislik Universitetində isə 2300 manatdır. Tədrisin ingilis dilində aparıldığı Bakı Ali Neft Məktəbində bu məbləğ 4500 manat təşkil edir.

– İqtisadiyyat ixtisası üzrə təhsil haqqı ən aşağı olan universitet Naxçıvan Dövlət Universitetidir (1400 manat). Mingəçevir Dövlət Universitetində bu məbləğ 1500, Lənkəran Dövlət Universitetində 1600, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetində isə 1800 manat təşkil edir.

Azərbaycan Texniki Universitetində qeyd edilən ixtisasın təhsil məbləği 2100 manatdır. Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universitetində bu rəqəm 2300 manat təşkil edir.

Həmin ixtisas üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Milli Aviasiya Akademiyasında təhsil almaq istəyənlər 2500 manat ödəməlidirlər.

Bakı Dövlət Universitetində iqtisadiyyat ixtisasının təhsil haqqı 3000 manatdır. İxtisas üzrə təhsil haqqı ən yüksək olan universitet isə tədris ingilis dilində aparılan ADA Universitetidir (6500 AZN).

– Psixologiya ixtisası üzrə təhsil haqqı Gəncə Dövlət Universitetində 1000, Naxçıvan Dövlət Universitetində isə 1300 manatdır. Lənkəran Dövlət Universiteti və Bakı Slavyan Universitetində bu məbləğ 1700 manat təşkil edir.

Həmin ixtisas üzrə Sumqayıt Dövlət Universitetində təhsil almaq istəyənlər 1800, Bakı Dövlət Universitetində təhsil almaq istəyənlər isə 2100 manat ödəməlidirlər.

Qeyd edək ki, məqalədə yalnız tədrisi əyani şəkildə aparılan ixtisasların adı çəkilib. Məlumatlar «Abituriyent» jurnalının 4-cü nömrəsindən götürülüb.

İxtisas seçimi avqustun 28-dək davam edəcək.

Ümid edirik ki, bu məlumatlar sizin üçün ixtisas seçimində faydalı olar!

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx