TÖVSİYƏ XƏBƏRLƏR

Fermerlər meyvə bağlarını doluvurma riskindən sığortalaya bilərlər

Azərbaycanda ilk dəfə korlanan meyvənin ucuzlaşmasına görə sığorta ödənişi ediləcək. Bu haqda fevralın 4-də Aqrar Sığorta Fonduna istinadən Azərtac xəbər verib.

Belə ki, fermerlər meyvə bağlarını doluvurma riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisindən, yəni qiymətinin ucuzlaşmasından sığortalaya biləcəklər. Meyvənin keyfiyyətinin aşağı düşməsi dedikdə onun qabığının zədələnməsi, çapılması, meyvənin üzərində ləkələrin və qaralmaların yaranması nəzərdə tutulur.

Doluvurma riski ayrıca sığorta məhsuludur və onu əlavə ödəniş etməklə almaq mümkündür.  Bu məhsul üzrə azadolma məbləği 10% olduğuna görə fermerlər məhsulun ucuzlaşması nəticəsində onlara dəyən zərərin 90%-i həcmində ödəniş ala bilərlər.

Qeyd edək ki, Azərbaycanda əksər meyvələr aqrar sığorta olunan bitkilərin siyahısına daxil edilib. Onları 50%-lik dövlət dəstəyi ilə sığorta etdirmək mümkündür.

Fermerlər meyvə bağlarını şaxtavurma, sel və subasma, yanğın, qasırğa, fırtına, leysan, ildırım, normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri və sair risklərdən sığortalaya bilərlər.