Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “20 Yanvar” stansiyasında təlim keçirilib. Bu barədə İnsanoid FHN-ə istinadən bu gün, 31 oktyabr tarixində xəbər verir.
Təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.
Təlimə rəhbərlik FHN-in Baş əməliyyat İdarəsi tərəfindən həyata keçirilib.
FHN-in “112” qaynar telefon xəttinə metronun “20 Yanvar” stansiyasında yerləşən enerji təminatı blokunda “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən əvvəlcə stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.
FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq, onlara “ilkin yardım göstərilib”.
Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 43 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.