TÖVSİYƏ XƏBƏRLƏR

Futbolçu qız: Manə Mollayeva ilə MÜSAHİBƏ

Məqaləmizin qəhrəmanı Azərbaycanın milli komandasında dayaq yarımmüdafiəçisi kimi oynayan zaqatalalı idmançımız Manə Mollayevadır.

O, millinin bütün yaş təbəqələrində çıxış edib. Daha öncə isə yerli “Zaqatala” FK və “Qəbələ” FK kimi yerli klublarda oynayıb. Manə Mollayeva, həmçinin Rusiyanın “Magnolia” FK, “Ryazan VDV” və “Kubanochka” FK-larında çıxış edib.

İdmançımızla keçirdiyimiz müsahibəni izləyicilərimizə təqdim edirik:

Futbolla neçə yaşdan məşğul olmağa başlamısınız?

Futbolla 12 yaşımdan məşğul olmağa başlamışam.

Nəyə görə məhz futbolu seçmək qərarına gəldiniz?

Əslində bu, maraqlı sual olsa da, heç özüm də cavabını bilmirəm. Bizim ailədə futbola sevgisi olan olmayıb. Uşaqlıqdan həyətdə topla oynamağı çox sevirdim və vaxt keçdikcə bu sevgi daha da böyüyürdü. Futbola olan sevgimin səbəbinin payı həm də bibim oğluna düşür. O, mənə top hədiyyə etmişdi və özü də futbolu çox sevirdi.

Karyeranıza başlayanda valideynləriniz seçiminizi dəstəkləyirdilərmi?

Anam və atam həmişə məni dəstəkləyib.

Karyeranız ailə həyatınıza necə təsir göstərir?

Çətinliklər olur. Məsələn: ailə səbəblərinə görə ölkə xaricinə çıxa bilmirəm, amma yenə də futbolla məşğul oldugum üçün çox xoşbəxtəm.

Yoldaşınız da futbol sahəsində çalışır. Övladınızın da gələcəkdə peşəkar futbolu seçməsini istəyərdinizmi?

Bəli, yoldaşımın və mənim böyük arzumuzdur ki, övladımız böyüyəndə professional futbolçu olsun.

Karyeranızda ən yaddaqalan an hansıdır?

2016-cı ildə U-19 milli komandası ilə qrupda 9 xal toplamaqla elit raunda vəsiqə qazanmışdıq.

Özünüzü üç sözlə ifadə edin.

Səmimi, zaratcıl və ailəcanlı.

Futbolçu olmaq istəyən xanımlara nə məsləhət verə bilərsiniz?

Əgər həqiqətən, futbolu sevib, professional futbolçu olmaq istəyirsinizsə, çoxlu məşq edin və xəyallarınızdan üz döndərməyin. Sizdə hər şey alınacaq!