Füzulidə keçmiş məhkumdan “Kalaşnikov” avtomatı aşkar olunaraq götürülüb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 5 sentyabr tarixində xəbər verir.
Füzuli polisinin keçirdiyi tədbirlər nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Natiq Zülfüqarov Horadiz şəhəri ərazisində saxlanılıb.
Onun əlindəki çantaya keçirilən baxış zamanı 1 ədəd “AK-74” markalı avtomat, 30 ədəd patron və 2 ədəd silindr formalı partlayıcı fişəng aşkar edilərək götürülüb.
Həmin şəxs dindirilmə zamanı silah-sursatı bir müddət əvvəl tapdığını və rayon ərazisində basdıraraq gizlətdiyini bildirib. O, daha sonra silah-sursatı gizlətdiyi yerdən götürərək yaşadığı Salyan rayonuna aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.