Gəncə şəhərində oktyabr ayında “LED” lampalar zavodunun açılışı planlaşdırılır. Bu barədə məlumat 14 avqust tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi səhifəsində dərc olunub.
“Zaferoğlu Elektrik” MMC olaraq fəaliyyət göstərəcək zavodun binasında artıq 80 faiz təmir işləri görülüb. Avqust ayında dəzgahların quraşdırılmasına başlanılacaq. Zavodda ilkin olaraq 100 nəfər işlə təmin olucanaq. Müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra işçilərin sayı 500 nəfərə çatacaq. Bu barədə “Zaferoğlu İnşaat” şirkətinin rəhbəri Zəfər Məmmədov məlumat verib. Onun sözlərinə görə, zavodda istehsal ediləcək lampalar standart lampalarla müqayisədə enerjiyə 10 dəfəyədək qənaət etmək imkanı verəcək.
Sahibkarın dediyinə görə, zavod İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli biznes krediti hesabına açılacaq.
“Zaferoğlu İnşaat” şirkəti 2010-cu ildə yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti təmir, tikinti və dizayn işləridir.