Ötən həftədən bəri sosial şəbəkələrdə vəfat edən atasına başdaşı qoymaq üçün su daşıyıb satan 10 yaşlı Elvinin videosu yayılıb. Bu barədə Qafqazinfo 6 iyun tarixində yazır.
Videoda bir neçə il əvvəl anasının onları qoyub getdiyini deyən azyaşlı qardaşı ilə birlikdə nənəsinin himayəsində yaşadığını qeyd edib. Elvinin sözlərinə görə, su satmaqdan qazandığı 15 manatı mərhum atasına başdaşı düzəltdirmək məqsədilə nənəsinə verəcək.
Ailənin sosial vəziyyəti, hər hansı sosial yardım verilib-verilmədiyi ilə bağlı Dövlət Sosial Müdafiə Fondundan bildirildi ki, ailəyə ünvanlı sosial yardımla bağlı müraciət etmələri tövsiyə olunub:
“Gədəbəy rayonunun Slavyanka kənd sakinləri – 10 yaşlı Yusubov Elvin Elbrus oğlu və 13 yaşlı qardaşı Yusubov Emin Elbrus oğlunun hər birinə ailə başçısını itirməyə görə 120 manat aylıq müavinət verilir. Həmçinin nənələri (qəyyumları) Yusubova Fatma Bəşir qızına 327,2 manat yaşa görə pensiya ödənilir. Ümumilikdə ailəyə 567,1 manat aylıq sosial ödəniş edilir.
Ötən dövrdə ailə ünvanlı sosial yardım üçün heç zaman müraciət etməyib. Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları ailənin yaşadığı ünvanda olaraq, onlarla görüşüblər. Ünvanlı sosial yardımla bağlı qanunvericiliyin tələbləri ailəyə izah olunaraq, bu istiqamətdə müraciət etmələri tövsiyə edilib. Müraciət edildiyi halda həmin ailənin sosial yardım almaq hüququna baxılmaqla qərar veriləcək”.
Artıq ötən gün sosial şəbəkədə Elvinin atasının məzarına başdaşı qoyulduğunu əks etdirən foto da yayılıb.