Gəncədə bir gündə 2 körpə küçəyə atılıb. Bu barədə APA 25 oktyabr tarixində xəbər verib.
Uşaqların qəyyumu olan nənə əvvəlcə dörd aylıq körpəni, sonra isə onun qardaşını Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısına qoyub.
21.10.2023-cü il tarixində saat 12:45 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 2 uşaq – 2 yaşlı Cəlilov Miryusif Həsən oğlu və onun 4 aylıq bacısı Cəlilova Mələk Həsən qızı gətirilib.
Uşaqların diaqnozları yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası olaraq müəyyən edilib. Hazırda tibb müəssisəsinin Pediatriya şöbəsində müalicələri davam etdirilir.
Məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tam nəzarətə götürülüb, araşdırmalara başlanılıb.
Qurumun mətbuat katibi Teymur Mərdanoğlunun sözlərinə görə, uşaqları küçəyə atan nənə deyib ki, azyaşlıların anası narkotik aludəçisidir və tüfeyli həyat tərzi yaşayır:
“Uşaqlar bir müddət öncə nənənin qəyyumluğuna veriliblər. Nənə qəyyumluqdan imtina edərək, uşaqları Gəncə şəhər İcra Hakimiyyətinin binası qarşısına qoyub və oranı tərk etmək istəyib. Uşaqlar xəstəxanaya yerləşdiriliblər, İcra Hakimiyyəti tərəfindən azyaşlılarla bağlı məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin altsisteminə yerləşdirilib”.
O qeyd edib ki, həftənin sonu 4 aylıq körpə Bakıda yerləşən körpələr evinə, 3 yaşlı uşaq isə Gəncə Uşaq Evinə yerləşdiriləcək”.