TÖVSİYƏ XƏBƏRLƏR

Goranboy: 600 hektar əkin sahəsi susuz qalıb

Goranboyun Veyisli kəndində 600 hektara yaxın əkin sahəsi susuz qalıb. Bu barədə noyabrın 26-da Qafqazinfo araşdırma aparıb.

“Bizim kənddə su problemi həmişə olub. Amma Veyisliyə Şəmkir su anbarından kanal çəkiləndən sonra bu problem həll olunmuşdur. Lakin bir müddətdir ki, su gəlmir. Həm Şəmkir Su Anbarına, həm də Goranboy su nümayəndəliyinə müraciət etmişik. Hər dəfə bir bəhanə gətirərək problemi olduğu kimi saxlayırlar”, – deyə Veyisli kənd sakini Hadi Şamilov şikayətlənib.

O əlavə edib ki, düz 6 aydır ki, bu problem var.

Onun sözlərinə görə, aidiyyəti qurumlardan bildirilib ki, motorlarda təmir işləri gedir və noyabrın 25-nə kimi nasazlıq aradan qaldırılacaq. Lakin bu sözə əməl olunmayıb.

“Əgər suyu bir ay sonra versələr çox gec olacaq və əkin sahəsi susuzluqdan tələf olacaq”, – fermer söyləyib.

Məsələ ilə bağlı, Şəmkir Su Anbarı ilə əlaqə saxlanılıb. İdarənin sahə rəisi Füzuli Rəsulov bildirib ki, problem anbarın hər iki nasosunun mühərriklərinin sıradan çıxması ilə bağlıdır. Onun bildirdiyinə əsasən, kanala su ayın 27-də veriləcək.