TÖVSİYƏ XƏBƏRLƏR

Göygöldə ayılar kəndlərə hücum edib, bir neçə pətək dağıdılıb – FOTO

Göygöl rayonunun Quşçu və Qarabulaq kəndlərində ayılar təsərrüfata hücum edərək zərər vurublar. Bu barədə 25 oktyabr tarixində Report məlumat yayıb.

Məlumata görə, son günlərdə dəfələrlə onlara məxsus arı yeşikləri, mal-qarameyvə ağacları ayılar tərəfindən zərər görüb.

Sakinlər bildiriblər ki, bir neçə gün öncə həm Quşçu kəndində, həm də qonşu kəndlər olan Qarabulaq və Sarısu kəndlərində bir neçə nəfərin təsərrüfatına ayılar tərəfindən zərər yetirilib.

Belə ki, ayılar arı təsərrüfatına zərər vurub, bir neçə pətək dağılıb, arı ailələri tələf olub. Ayılar meyvə və qoz ağaclarını da sındırıb. Qarabulaq kənd sakini S.Alışanova məxsus 2 baş mal-qara isə ayılar tərəfindən parçalanıb.

Sakinlər oxşar halın qonşu kənd olan Sarısu kəndində də baş verdiyini bildiriblər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Nazirliyin əməkdaşları ərazidə olub, faktlarla bağlı qeydlər ediblər.

“İdarədən bildirdilər ki, rəsmi ov tüfəngi olan bir neçə kənd sakini ayıların kəndə, təsərrüfata hücum etməməsi üçün növbə çəksinlər, əgər ayılar gələrsə, havaya atəş açaraq onları qorxudub, ərazidən uzaqlaşdırsınlar. Qeyd etdilər ki, ayını öldürmək olmaz, əgər ayını öldürsələr, külli miqdarda cərmə ödəməli olacaqlar”, – deyə sakinlər bildiriblər.

Kəndlilər heç bir sakində ov tüfəngi olmadığını və növbə çəkə bilməyəcəklərini deyiblər.

Qeyd edək ki, hər iki kənd meşəlik və dağlıq ərazidə yerləşir. Kənd sakinləri maldarlıq, arıçılıq və əkinçiliklə məşğul olurlar.