Ordumuzun lokal xarakterli antiterror tədbirləri zamanı gözündən yaralanan, lakin buna baxmayaraq, vuruşmağa davam edən Ceyhun Quliyevin videosu ölkəmizin və Türkiyənin mediasında geniş yayılıb. Bu barədə 23 sentyabr tarixində Mətbuat.az xəbər verir.
Məlumata görə, hazırda onun vəziyyəti yaxşıdır. Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. O bildirib ki, qazimiz Quliyev Ceyhun Rafiq oğlu Salyan rayonunun Xalac kəndində doğulub:
“2012-2015-ci illərdə ildə C. Naxçıvanski adına hərbi liseydə, 2015-2019-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Subaydır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində ön sıralarda döyüşüb. Antiterror əməliyyatı başlayan gündən qanunsuz erməni silahlı dəstələrinə qarşı döyüşə qatılıb. Ceyhun Quliyev hazırda müalicə alır. Gözündən, qolundan, sinəsindən və ayağından çoxsaylı qəlpə yaraları alıb. Sol gözündəki qəlpə çıxarılıb”.
Ceyhun Quliyev bildirib ki, hazırda dumanlı görür. Həkimlərin sözlərinə görə, müalicə davam etdikcə qazinin görmə qabiliyyəti yaxşılaşacaq.
“Get-gedə daha yaxşı görəcəm. Vətənim Azərbaycanın hər zaman təhlükəsizliyini qorumağa hazıram. Ceyhun onun səhhətilə maraqlanan hər kəsə təşəkkür edib: “Mənimlə maraqlanan bütün ataların, anaların, bacıların, qardaşların əllərindən öpürəm, onlara salamlarımı, sevgilərimi və sayqılarımı çatdırıram. Allah sizi var eləsin. Var olun”, – deyə videonun qəhrəmanı bildirib.