Bakıda restoranın qarşısında həyat yoldaşını döyən polis 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Bu barədə aprelin 6-da Report məlumat verib.
Hadisə 2021-ci ilin oktyabr ayında Nizami rayon ərazisində yerləşən restoranların birində baş verib. Polis serjantı restoranın qarşısında həyat yoldaşı ilə mübahisə edib və qəsdən əlinin içi ilə qadının baş və üz nahiyələrinə vurub. Nəticədə qadının burnu sınıb.
Xanımın şikayəti nəticəsində onun yoldaşı barəsində “Qəsdən sağlamlığa yüngül zərər vurma” maddəsilə cinayət işi açılıb. Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs 9 ay müddətinə elektron qolbaq taxacaq. Qeyd edək ki, hadisədən sonra o, işdən azad edilib.
Azərbaycanda 2021-ci il ərzində 1499 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub. Zərərçəkmişlərin 79%-ini qadınlar təşkil edib.
Vətəndaşlar qadına qarşı zorakılıq halları ilə üzləşdikdə Baş Prokurorluğun “961” Çağrı Mərkəzinə müraciət edə bilərlər.