Həyat yoldaşını qətlə yetirən polis daxili işlər orqanlarından xaric edilib

Bakıda polis şöbəsində həyat yoldaşını xidməti silahdan güllələyərək öldürən İsmayıl Məmmədov daxili işlər orqanlarından xaric edilib. Bununla bağlı oktyabrın 1-də əmr imzalanıb.

Hadisə sentyabrın 30-da Nizami rayonundakı 24-cü Polis Şöbəsində qeydə alınıb. Belə ki, polis əməkdaşı İ.Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədova ailə münaqişəsi zəminində polis şöbəsinə ondan şikayətə gəlib. İ.Məmmədov da həmin şöbəyə gəlib üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı qətlə yetirib.

İ.Məmmədov saxlanılıb. Onun barəsində “xüsusi amansızlıqla qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.

Mərhumun qardaşı Reporta açıqlamasında bildirib ki, qətldən bir gün əvvəl İsmayıl Məmmədov həyat yoldaşını polis dubinkası ilə döyüb. O, həmçinin qeyd edib ki, bacısı əri tərəfindən işgəncələrə məruz qalıb: “Bacım dəfələrlə evdən qaçıb və boşanmaq istədiyini bildirərdi. Biz razı olmurduq. Sonuncu dəfə bacım uşaqlarını götürüb polisə şikayət ərizəsi verməyə gedib”.

X.Məmmədovanın qardaşının sözlərinə görə, həmin şöbəyə gələn İ.Məmmədov iki azyaşlı körpəsinin qarşısında həyat yoldaşını güllələyərək qətlə yetirib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Həyat yoldaşını qətlə yetirən polis daxili işlər orqanlarından xaric edilib”

Tövsiyə xəbərlər