İyunun 3-də IV ixtisas qrupu, iyunun 4-də isə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Bu barədə 1 iyun tarixində Dövlət İmtahan Mərkəzi məlumat verib.
Bildirilib ki, iyunun 3-də I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə də imtahan keçiriləcək.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Qazax, Cəlilabad və Xaçmazda təşkil olunacaq.
İştirakçılar mayın 23-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.
Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 11:00‑da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İyunun 3-də IV ixtisas qrupu (o cümlədən I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan) üzrə keçiriləcək imtahanda 14 683, iyunun 4-də I ixtisas qrupu üzrə keçiriləcək imtahanda isə 28 864 nəfər olmaqla, ümumilikdə 43 547 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanlarda 47 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.