TÖVSİYƏ XƏBƏRLƏR

Həftəsonu l və lV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 22-də I ixtisas qrupu, iyulun 23-də isə IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. Bu barədə iyulun 20-də Mərkəz xəbər verib.

İyulun 23-də I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə də imtahan keçiriləcək.

İştirakçılar iyulun 17-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytında “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.

İmtahan saat 10:00‑da başlanır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Ümumilikdə 35 054 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanlarda 50 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək.