“İlk növbədə ətraf mühitin mühafizəsi” QHT Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva BMT-də Ermənistatnın törətdiyi ekoloji terrordan bəhs edib. Bu barədə Report 23 sentyabr tarixində xəbər verib.
P. Vəliyeva çıxışında Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqlarında törətdiyi ekoloji terrordan danışıb.
Azərbaycanlı fəal Ermənistanın uzun illər ərzində bölgədə qanunsuz və heç bir ekoloji norma və standartlar gözlənilmədən apardığı dağ-mədən sənayesi işlərinin həm region insanlarının sağlamlığını və ekosistemini təhdid etdiyini bildirib.
O, BMT-yə üzv dövlətlərin nümayəndələrinə təmsil etdiyi təşkilatın fəaliyyəti ilə bağlı məlumat verib, təşkilatın hazırda Cənubi Qafqaz regionunda Ermənistan tərəfindən ekoloji norma və standartları kobud şəkildə pozan dağ-mədən sənayesinin qarşısını almaq məqsədilə advokasiya fəaliyyəti apardığını deyib.
Hazırda inkişaf etməkdə olan ölkələrdə dağ-mədən sənayesi müəssisələrinin əksəriyyəti beynəlxalq ekoloji norma və standartları pozur ki, bu da insan sağlamlığına zərər verir və mədən sənayesində vərəm xəstəliyinin yayılmasına gətirib çıxarır. Mədənçilərin vərəmə yoluxma riski olduqca yüksəkdir. Son araşdırmalara görə, 230 milyondan çox insan iş yerində silisium oksidinə məruz qalır. Vərəm riski ilə mədənçilik arasında əlaqə yüksək insident kimi bildirilir ki, bu, ümumi əhalinin vərəmə yoluxma riskindən 10 dəfə yüksəkdir”, – P. Vəliyeva çıxışında diqqətə çatdırıb.
Onun sözlərinə görə, Ermənistan uzun illər ərzində yüksək zəhərli kimyəvi tullantıların ətraf mühitə atılmasına məsul olmaqla beynəlxalq qəbul edilmiş bir çox konvensiyaları, o cümlədən transsərhəd kontekstdə BMT-nin Espoo Konvensiyasının tələblərini kobud şəkildə pozaraq transsərhəd çayları çirkləndirməkdə davam edir.