“Biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq”. Bunu Prezident İlham Əliyev Tacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib.
Bu barədə 14 sentyabr tarixində Report məlumat verib.
“Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru yük daşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq”, – dövlət başçısı vurğulayıb.
Prezident çıxışı zamanı Azərbaycanın bu region ölkələri ilə yeni əməkdaşlıq sahəsi barəsində də danışıb.
Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsinin fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş “Rəqəmsal İpək Yolu” layihəsinin olduğunu söyləyib.