Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Avi Dixteri videokonfrans formatında qəbul edib. Bu barədə 11 sentyabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüşün videokonfrans formatında keçirilməsinə səbəb İsrail nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.
Görüşdə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafından və bununla bağlı təcrübə mübadiləsinin həyata keçirilməsindən məmnunluq ifadə edildi, bu sahədə əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın mövcud olduğu bildirildi.
Avi Dixterin səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.