Azərbaycan Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola təbrik məktubu göndərib. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 3 oktyabr tarixində xəbər verir.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Koreya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Koreya dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. Dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir.
Koreya şirkətləri uzun illərdən bəri Azərbaycanda çox uğurla fəaliyyət göstərir. Ölkənizi təmsil edən şirkətlər işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərinə istehsal etdikləri qabaqcıl və müasir texnologiyalar vasitəsilə töhfə verə bilərlər. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə böyük potensiala malik olan münasibətlərimizi və səmərəli əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik.
Belə bir bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Koreya Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.