2022-ci ilin sonunadək “Şahdəniz” qaz-kondensat yatağında hasilat ən yüksək səviyyəyə – 26 milyard kubmetrə çatdırılacaq. Bu barədə iyulun 18-də BP-nin nümayəndəsi Bəxtiyar Aslanbəyliyə istinadən Report xəbər verib.
Onun sözlərinə əsasən, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin ötürücülük gücünün sutkada 1,6 milyon bareldən 2,2 milyon barelə qədər yüksəldilməsi nəzərdə tutulub.
B.Aslanbəyli, həmçinin məlumat verib ki, ilin sonuna kimi “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda yeni, yeddinci platformanın dayaq blokunun dənizə göndərilməsi planlaşdırılır.
Şahdəniz yatağı 1999-cu ildə kəşf edilib. 2006-cı ildə yataqdan ilk qaz hasil edilib.
Azəri-Çıraq-Günəşli Azərbaycanın ən böyük neft yatağı blokudur. Neft yatağı ilə bağlı hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ildə imzalanıb. 2001-ci ildən isə yataq fəaliyyətə başlayıb.
Bakı-Tbilisi-Ceyhan boru xətti – Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəql olunduğu kəmərdir. Onun uzunluğu 1 768 kilometr təşkil edir.