Azərbaycanda yaxın gələcəkdə fəaliyyətini dayandıracaq bankların sayının artacağı gözlənilir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun Lent.az-a verdiyi açıqlamaya görə, yaxın vaxtlarda ciddi maliyyə sıxıntıları yaşayan daha iki bankın fəaliyyətinə son qoyula bilər.
Ekspert qeyd edir ki, ləğv olunması gözlənilən həmin banklar mənfəətlə işləməyən və problemli kredit portfeli ilə yüklənmiş zəif maliyyə qurumlarıdır. Bu bankların tamamilə sıradan çıxması deyil, daha çox Bank Olmayan Kredit Təşkilatına (BOKT) çevrilərək fəaliyyət formatını dəyişməsi sektorun sağlamlaşdırılması üçün əsas çıxış yolu kimi qiymətləndirilir.
Mərkəzi Bankın tənzimləmə siyasəti nəticəsində zəif bəndlərin kənarlaşdırıldığını bildirən V.Oruc, vətəndaşların artıq banklardan daha çox, yüksək faiz dərəcələrinə rəğmən sürətli kredit rəsmiləşdirən BOKT-lara üz tutduğunu vurğulayıb. Onun fikrincə, ciddi borc problemi olan bankların bazarda qalması artıq mümkün deyil və bu struktur dəyişikliyi qaçılmazdır.