TÖVSİYƏ XƏBƏRLƏR

İsmayıllıda “DOST EVİ”nin açılışı olub

Noyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST EVİ” filialının açılışında iştirak ediblər. Bu barədə 15 noyabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Mərkəzin fəaliyyət istiqamətləri, əsasən, musiqi, təsviri incəsənət, rəqs, dulusçuluq, xalçaçılıq, toxuma, floristika, landşaft dizaynı və bağçılıq, bədii oyma, kulinariya, fotoqrafiya və sairdir.

Hazırda Mərkəzdə 186 nəfərə xidmət göstərilir. Onlardan 131 nəfər əlilliyi olan şəxs, 21 nəfər valideynini itirmiş uşaq, 22 nəfər aztəminatlı ailələrin üzvləri, 12 nəfər isə şəhid ailəsi üzvüdür. “DOST EVİ” filialı Muğanlı-İsmayıllı yolunun 16-cı kilometrliyində yerləşir.

Filialda 10 istiqamət üzrə 6 emalatxana – dulusçuluq, bədii oyma, misgərlik və zərgərlik, dərzilik və kəlağayı, xalçaçılıq, toxuma və bədii tikmə, un məmulatları emalatxanaları fəaliyyət göstərəcək.

Sərgi və Satış Mərkəzində benefisiarların hazırladıqları əl işlərinin nümayişi, həmçinin satışı həyata keçiriləcək. Hazırda “DOST EVİ”ndə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları tərəfindən dulusçuluq, bədii oyma, xalçaçılıq, toxuma və tikmə, dərzilik, təsviri incəsənət, floristika, bağçılıq və landşaft dizaynı istiqamətləri üzrə hazırlanmış əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə 150-dək əl işi təqdim edilir.

Bölgədə yaşayan və “DOST EVİ”nə cəlb edilmiş əlilliyi olan şəxslər və digər həssas qrupların hazırladıqları sənətkarlıq nümunələrinin də burada nümayişi və satışı həyata keçiriləcək.

Əlilliyi olan şəxslər inklüziv kafe sahəsində də işə cəlb edilməklə ictimai iaşə xidmətləri təşkil olunacaq.