İkinci Dünya müharibəsində faşistlərə qarşı mübarizədə həlak olan azərbaycanlılara aid xatirə lövhələri İtaliyada, Berqamo əyalətində, Monte di Neze və Neze adlı ərazilərdə yerləşir.
1945-ci ilin mart ayında İtaliyanın Berqamo şəhərinin ətrafında alman hərbi uniformasında təxminən 4 000 azərbaycanlıdan ibarət diviziya peyda oldu. Həmin zaman bir çox azərbaycanlı legionerlər almanlardan qaçaraq, italyan partizanlarının tərəfinə keçib, faşistlərə qarşı vuruşmağa başladılar. Lakin azərbaycanlı partizanlar 12 aprel 1945-ci ildə Monte di Nezedə yatarkən, alman və italyan faşistlərinin hücumuna məruz qalıb. Azərbaycanlıların əksəriyyəti elə yuxuda ikən öldürülüb, sağ qalanları isə sonradan pulemyot atəşinə tutulub. Daha sonra, 13 aprel 1945-ci ildə Neze adlanan ərazidə olan azərbaycanlılar faşistlər tərəfindən qətlə yetirilib.
Monte di Nezedə həlak olanların dəfni ilə yerli sakin Covanni Gerardi məşğul olub. O, böyük qardaşlıq məzarlığı salır və həmin xatirə kompleksinin üzərində yazır: “Faşistlərin əlindən ölən 120 monqolun xatirəsinə” (A ricordo di 120 mongoli caduti per mano fascista). İtalyanlar etnik mənşələrini bilmədiklərindən azərbaycanlıları “rus monqolları” adlandırırdılar. Bu lövhə 2014-cü ildə dəyişdirilərək, üzərində “monqollar” yerinə azərbaycanlılar yazılıb. Digər məzarlıq Nezedə Covanni Petstsotta tərəfindən salınıb. Buradakı xatirə lövhəsində qeyd olunub: “Azadlıq əldə etmək üçün cəhd edərkən həlak oldular” (Caddero cercando in vano la libertà).
Monte di Neze və Nezedəkilərdən əlavə, İtaliyanın bir çox yaşayış məntəqələrində azərbaycanlılar faşistlər tərəfindən öldürülüb. 1950-ci ildə Nezedəkilərdən başqa, İtaliya ərazisində öldürülənlərin qalıqları toplanaraq, Monte di Nezedəki qəbiristanlıqda yerləşdirilib.
Bu kütləvi qırğınlara baxmayaraq, bir neçə azərbaycanlı müharibə bitdikdən sonra Vətənə qayıda bilib. Faşizm üzərində qələbənin təmin edilməsində azərbaycanlıların böyük rolu olub.
2012-ci ildə İtaliyada vuruşan azərbaycanlı partizanlardan bəhs edən “Qafqazdan Appeninə” sənədli filmi çəkilib. 2013-cü ildə yazıçı Mixail Talalayın “Qafqazdan Appeninə. Azərbaycanlılar İtaliya müqavimətində” adlı kitabı çap olunub.