Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Milli Nəzarət Komissiyasının təşkilatçılığı ilə keçirilən Şəffaf İpək Yolu Forumunda iştirak etmək məqsədilə Pekin şəhərinə işgüzar səfərə gedib. Bu barədə 18 oktyabr tarixində Baş Prokurorluq məlumat yayıb.
Nümayəndə heyəti 30-dan çox ölkənin korrupsiyaya qarşı mübarizə qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların və şirkətlərin rəhbərlərinin iştirak etdiyi Tematik Forumun işində iştirak edib.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin 5 əsas sütun – hüquqi baza, şəffaf biznes iqlimi, səmərəli ədalət mühakiməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə qurumları və beynəlxalq əməkdaşlıq fəlsəfəsinə uyğun olaraq mərhələli şəkildə həyata keçirildiyi, bu prosesin bu gün də qətiyyət və uğurla davam etdirildiyi barədə danışıb.
Baş prokuror ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpa olunduğunu, otuzillik işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində iqtisadi və sosial infrastrukturun tamamilə dağıdıldığını qeyd edib.
Səfər çərçivəsində Baş prokuror Çin, Özbəkistan, Malayziya, Pakistan, Qazaxıstan, Belarus, Argentina, Kamboca, Misir və sair ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, qarşılıqlı maraq doğuran, xüsusilə antikorrupsiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Baş Prokurorluğun nümayəndə heyətinin Çinə işgüzar səfəri davam edir.