Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasında “Fransa Azərbaycana deyil, İrana qarşı sanksiyalar tətbiq etməlidir” sərlövhəli məqalə dərc olunub. Bu barədə 19 noyabr tarixində Oxu.az məlumat verib.
Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi məlum sənədlə bağlı rusiyalı analitik İqor Korotçenkonun Fransa Senatının adının dəyişdirilərək Fransa Erməni Diasporu Senatı adlandırılmasının zəruriliyinə dair fikirləri yer alıb: “Bildiyiniz kimi, Fransada hətta eks-prezidentlər də erməni milyarderlərə məsləhətçi işləyirlər. Sarkozinin nümunəsinə baxın. O, prezident kimi Liviyadan rüşvət alıb. Bəs Makron?”
Məqalədə “Ev Kilsəsi Hərəkatı”nın iranlı xristian lideri, keşiş Səid Abedinə də istinad edilib: “Mən İranda insan haqlarının vəziyyəti ilə bağlı Qərbin yürütdüyü siyasətdən çox məyus oldum. Ötən il inqilaba çevrilən qanlı küçə etirazlarında 2000-dən çox insan ürəyindən və başından güllələndi. Onlar, əsasən, azyaşlılar və bakirə qızlar idi.
İsrailli politoloq, həmçinin qeyd edib ki, Avropanın Ukraynadakı müharibənin yaratdığı qaz çatışmazlığını həll etməli olduğu, Azərbaycan qazının və neftinin bu problemin həlli üçün əlverişli variant olduğu bir vaxtda Fransa Senatı plüralizmə, multikulturalizmə və qadın hüquqlarına dəyər verən Azərbaycana deyil, nüvə proqramını reallaşdıran və müntəzəm olaraq “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları səsləndirən İrana qarşı əlavə sanksiyaların tətbiqinə səs verməli idi.
Dünya Tehrandakı mollalara qarşı birləşməli, Azərbaycanı və bu dəhşətli rejimə qarşı mübarizənin önündə gedən digər ölkələri gücləndirməli, onları zəiflətməməlidir.
Müəllif, həmçinin Fransa Senatının qəbul etdiyi qətnaməyə erməni diasporunun Fransanın milli maraqlarına vurduğu zərər kimi xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.