Bakıdakı Almaniya səfirliyinin nümayişini təşkil etdiyi anti-Türkiyə mövzulu filmlə bağlı Mədəniyyət Nazirliyi və Almaniya səfirliyi açıqlama verib. Bu barədə İnsanoid Trend-ə istinadən bu gün, 30 noyabr tarixində xəbər verir.
Anti-Türkiyə mövzusunda lentə alınmış film İraqda kürd silahlı dəstələrinin hərbi düşərgəsində təlim keçən Rojda adlı qızdan bəhs edir.
Daha öncə filmin Bakıda yerləşən kinoteatrlarda nümayişi nəzərdə tutulsa da, filmin Azərbaycana qardaş olan Türkiyə əleyhinə mövzuda lentə alınması buna imkan verməyib. Bakıda yerləşən kinoteatrlar anti-Türkiyə mövzusunda olduğuna görə filmin yayımlanmasından imtina ediblər.
Almaniyanın Bakıdakı səfirliyi isə filmin “Landmark” Biznes Mərkəzində nümayiş olunacağını bildirib.
Daha sonra Almaniya səfirliyi geniş müzakirələrə səbəb olan filmin nümayişini ləğv edib. Bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi Facebook səhifəsində qeyd edib:
“Təəssüf ki, film haqqında yanlış təəssürat yaranıb. Filmdə uzun illərdir bir-birindən ayrı düşmüş iki miqrasiya keçmişi olan bacının şəxsi hekayəsindən bəhs edilir. Almaniyada insanların təxminən dörddə-biri miqrasiya keçmişinə malikdir, öz ailələrinin mənşəyi və şəxsiyyət sualları ilə maraqlanırlar. Bu səbəbdən də filmin alman cəmiyyəti üçün xüsusi aktuallığı var. Filmin məqsədi məhz bu idi və buna görə də Azərbaycanda nümayişi planlaşdırılırdı. Landmark kinoteatrı son həftələr Aİ Film Festivalı çərçivəsində dəfələrlə filmlər nümayiş etdirib və buna görə də “Odda-İki bacı” filminin nümayişi üçün də nəzərdə tutulmuşdur. Nəzərinizə çatdırmaq istəyirik ki, Landmark kinoteatrı bu film nümayişinin təşkilatçısı deyil”, – deyə bildirilib.