İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi təqdim edib. Bu barədə 27 oktyabr tarixində agentlik məlumat verib.
Bununla da şəhadətnamə almış KOB subyektlərinin sayı 110-a çatıb.
Yeni şəhadətnamələr:
- “Kipias” MMC-nin təmir-dizayn işini asanlaşdıran onlayn platforma;
- Fiziki şəxs Ramin Əkbərovun rəqəmsal biznes şəbəkəsi platforması;
- “Baku Carsharing Company” MMC-nin avtomobillərin icarəsi üçün proqram təminatı;
- “Parqour” MMC-nin parkinq üçün proqram təminatı;
- “Yeni Zeon” MMC-nin mütəxəssislər üçün onlayn xidmətlər layihələri üçün təqdim edilib.
Şəhadətnamə KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə formasını, lazım olan digər sənədləri, müvafiq meyarlarla bağlı ətraflı məlumatı KOBİA-nın www.smb.gov.az saytından öyrənmək olar.