Bakıda 2-22 oktyabr tarixlərində arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Bu barədə 25 avqust tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
2-22 oktyabr tarixlərində arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Yarmarka Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) baş tutacaq.
Arıçı fermerlər iştirak üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Yarmarkada iştirak etmək istəyən arıçılar 28 avqust saat 08:00-dan 1 sentyabr saat 20:00-dək qeydiyyatdan keçməlidirlər.
İştirakı təsdiqlənmiş arıçılara 7 sentyabr tarixində SMS-bildirişlər göndəriləcək, onlara məhsullarını gətirməli olduqları tarix barədə məlumat veriləcək.
Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq, proporsional qaydada müvafiq sayda yer ayrılacaq. Bu il təşkil olunan bal yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş maksimum 250 arıçı iştirak edəcək. Bir arıçı yarmarkada maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.
Bal nümunələrinin qəbulu 11-17 sentyabr tarixləri arasında baş tutacaq. Yarmarkada iştirak haqqı 150 AZN-dir. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın marketinq işlərinin aparılması, logistika, anbar işinin təşkili və digər xidmətlər daxildir. İştirak üçün ödənişlər yalnız plastik kart (nağdsız ödəniş) vasitəsilə qəbul olunacaq.